Главная > Siyasət / Manset > Ermənilər Horadizə top mərmisi atıb, 1 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb
Ermənilər Horadizə top mərmisi atıb, 1 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb30-09-2020, 17:37. Разместил: azadses |
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 30.09.2020-ci il tarixdə saat 16 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, məntəqəyə ciddi ziyan dəyib. Faktla bağlı Füzuli rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb. Eyni zamanda düşmənin növbəti dəfə ağır artilleriya qurğularından açdığı atəş nəticəsində 30.09.2020-ci il tarixdə saat 15 radələrində Tərtər rayonu, Yenikənd kənd sakini Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisinin düşməsi nəticəsində həyətdə olan yardımçı tikili dağılıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək. Вернуться назад |