Главная > Siyasət > Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib
Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilibDünən, 10:30. Разместил: azadses |
Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu barədə "Report"a DTX-dən məlumat verilib. DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında Əfqanıstana dair bundan əvvəl keçirilmiş toplantıların davamı olaraq budəfəki konfransın Bakı şəhərində təşkil edilməsini önəmli hadisə kimi qiymətləndirib. Beynəlxalq tədbirin Əfqanıstanda mərkəzləşdirilmiş, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunan dövlətin bərqərar olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Xidmət rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimad əsasında qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə də xalqlararası dərin tarixi-mədəni bağlılıqdan danışaraq qeyd edib ki, Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib, bu istiqamətdə səylərini heç vaxt əsirgəməyib. General-polkovnik Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsinin zəruriliyinə diqqət çəkib. Tədbirin keçirilməsində əsas məqsədlərdən birinin Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmasında vahid mövqe ortaya qoyulması olduğunu vurğulayan Xidmət rəisi Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsinin vacibliyini qeyd edib, bütün bunlar üçün region ölkələrinin və digər dövlətlərin koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklərinə inamını ifadə edib. Konfransda digər ölkələrin təmsilçiləri də mövzu ilə bağlı çıxışlar edib, tədbirin Əfqanıstanda sülhün və təhlükəsizliyin təminatı yönündə daha ciddi addımların atılmasına lazımi imkanlar açacağına, beynəlxalq aləm tərəfindən Əfqanıstanda davamlı sabitliyin formalaşmasına dəstək göstəriləcəyinə inandıqlarını bildiriblər. Вернуться назад |