Главная > Siyasət / Manset > Azərbaycan Avropanı “yaşıllaşdırır”: Qərbin təhlükəsizlik öhdəliyi, müqavimət oxunda Bakının yeri - TƏHLİL

Azərbaycan Avropanı “yaşıllaşdırır”: Qərbin təhlükəsizlik öhdəliyi, müqavimət oxunda Bakının yeri - TƏHLİL


19-12-2022, 14:00. Разместил: admin
Azərbaycan Avropanı “yaşıllaşdırır”: Qərbin təhlükəsizlik öhdəliyi, müqavimət oxunda Bakının yeri - TƏHLİL

Dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalandı.

Sazişi Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.

İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen iştirak ediblər.

Bu saziş Azərbaycanın Avropanın enerji bazarlarında əhəmiyyətini artıran, məsuliyyət payını da çoxaldan bir sənəddir.

Ancaq Azərbaycanın Avropanın enerji vitrinlərində dominantlıq qazanmasına hələ çox var, indi atılan addımların tempi və xarakteri Bakının hakim mövqelərə yiyələnməsi üçün təşviqlər məcəlləsinin hazırlanması kimi başa düşülməlidir.

Rusiya-Ukrayna müharibəsinin qlobal enerji bazarlarını zəlzələyə məruz qoyması enerji ixrac və idxal edən ölkələri ehtiyatlı davranmağa vadar edir, belə bir zamanda gözlər zəngin resursları olan ölkələrə dikilir.

Azərbaycanın yerləşdiyi coğrafi nöqtə Avropa bazarları üçün əlverişlidir, üstəgəl ölkə Cənub Qaz Dəhlizi meqalayihəsi üzrə öz çəkisini ağırlaşdırdığından Bakıya olan münasibətlərin rəngi açılır.

Çünki Azərbaycan neft-qaz amili ilə yanaşı, ortaya bərpa olunan enerji mənbələrinin ixracını təşviq edən ideyalar da qoyur və işğaldan azad olunmuş ərazilərin sayəsində bu potensialını inkişaf etdirir.

Palitra Avropa ölkələrinin tələbatlar piştaxtasında Azərbaycanın enerji məhsullarının bolluğu üçün şərait formalaşdırır və neft-qaz cazibəsinin paralelində bərpa olunan mənbələrdən alınan enerjinin ixracını stimullaşdırır.

Sazişə əsasən, Azərbaycanın külək enerjisindən əldə edəcəyi “yaşıl” enerji Qara dənizin dibi ilə Avropaya daşınacaq.

Bununla da Azərbaycan, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, xarici sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilir.

Hələlik bu sahədə Azərbaycanın xarici investorlarla əməkdaşlığı elə də geniş spektrə malik deyil, Bakı Böyük Britaniyanın bp, Səudiyyə Ərəbistanının “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə əməkdaşlıq edir, bir neçə gün öncə isə Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə çərçivə sazişi imzaladı.

Azərbaycanın enerji resurslarının satışı Rusiya qazını özündən uzaqlaşdırmaq istəyən Avropa İttifaqının, bir az dərinə getsək, Böyük Britaniyanın və ABŞ-nin geniş səylərinin bir hissəsidir.

Sazişin icrası meydana maliyyə yükü ağırlığını da çıxarır, dəyərləndirmələrə əsasən, kabel layihəsi üzrə texniki-iqtisadi əsaslandırma 2023-cü ilin sonuna qədər tamamlanacaq, bundan sonra tikinti başlayacaq və üç-dörd il davam edəcək.

İmzalanan saziş təkcə 4+1 formatı ilə (Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan+Avropa İttifaqı) məhdudlaşmır, bu, digər xarici investorlar üçün də cəlbedicidir.

Ona görə ki, investisiyalar həcminin genişlənməsi oyunçuların maraqlarının təmini üçün vacibdir, bu mənada dünya üzrə Çin, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Hindistan kimi nəhənglər də layihələrə pul yatırmağa girişəcəklər.

Bu, qlobal maraqlar mübarizəsində iqtisadi cəhətlər üzrə rəqabəti şiddətləndirəcək. Qərb Azərbaycanın enerji resurslarının Avropanı doydurmasını istəyirsə, o zaman Bakıya təhlükəsizlik zəmanətləri də verməlidir: Enerji və təhlükəsizlik harmoniyası birlikdə işlənilib-hazırlanmalıdır, yəqin ki, bunun üzərində də işlər gedir.

Bakı isə Avropa İttifaqının Rusiyaya qarşı müqavimət oxu üzrə deyil, öz milli-təhlükəsizlik maraqları çərçivəsində proseslərə yön vermək çağırışı ilə üzləşəcək.
Вернуться назад