Главная > Siyasət > Deputatlar Əbülfəs Qarayevin üstünə getdilər
Deputatlar Əbülfəs Qarayevin üstünə getdilər18-05-2020, 10:03. Разместил: azadses |
Azərbaycanda Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri həbs olunduqdan sonra nazir Əbülfəs Qarayevin özünün korrupsiya və cinayətləri barədə daha ucadan danışmağa başladılar. Azad Səs-in məlumatına görə, əvvəllər bu barədə daha çox jurnalistlər və ekspertlər danışırdılarsa, indi Milli Məclisin deputatları da naziri açıq şəkildə ittiham edirlər. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və bir sıra yüksək vəzifəli şəxsləri həbs edib. Həbs olunanlar arasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da var. Yüksək vəzifəli şəxslərin nədə ittiham olunduğu barədə hələ rəsmi məlumat verilməsə də, jurnalistlər həbslərin arxasında korrupsiyanın dayandığını bildirirlər. Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, əslində Azərbaycan mədəniyyətinin məhv edilməsinin arxasında Əbülfəs Qarayev dayanır: “Yeni çağırış Milli Məclis formalaşanda mən Mədəniyyət komitəsinin sədr müavini seçildim. Və ilk iş günlərindən bu sahədəki vəziyyətin təfərrüatlarını anlamağa çalışdım. Qarşımda acınacaqlı bir mənzərə açıldı. Məsələn, ölkədə film istehsalı sektoru tamamilə çöküb. Müstəqillik illərində Sovet dövründə çəkilmiş filmlərlə müqayisə ediləcək bircə film də çəkə bilməmişik. Pul çatışmazlığı səbəbindən bir çox mütəxəssislər kino sənayesini tərk edib. İstintaq aparılsa, məlum olar ki, dövlət tərəfindən kinoya ayrılan bütün vəsaitin 50-60% -i bu sahəyə çatmayıb və mənimsənilib. Kinostudiyanın binasında təmir işlərinə başlanılıb, lakin heç vaxt tamamlanmayıb. Mədəniyyət Nazirliyinin rəsmiləri kinostudiyanın balansında olan 5 hektar ərazini satıblar. Kino sənayesi işçilərinə xidmət edən binalar da özəl şirkətlərə verilib". Millət vəkili ölkədə kitabxanaların acınacaqlı vəziyyətini də qeyd edib. Deputatın sözlərinə görə, kitabxana binalarının əksəriyyəti yeni binaların inşası üçün sökülüb. Bu sahə çox acınacaqlı vəziyyətdədir və kitabxana işçiləri ölkədə ən az maaş alan insanlardır: “Mədəniyyət Nazirliyindəki yoxlamaların və korrupsioner məmurların həbsinin hansı mərhələdə başa çatacağını bilmirəm. Yalnız onu bilirəm ki, Əbülfəs Qarayevin əlindən azad olunmayana qədər Azərbaycanın mədəniyyət sahəsində heç bir inkişaf olmayacaq”. Milli Məclisin digər üzvü Elman Məmmədov da Əbülfəs Qarayevin nazirlikdə çiçəklənən korrupsiyadan xəbərsiz ola bilməyəcəyini söyləyib. “Əbülfəs Qarayev 20 ildən artıqdır ki, nazirliyə rəhbərlik edir. Necə ola bilər ki, bütün bu illər ərzində tabeçiliyində olanlar çirkli işlərlə məşğul olublar, nazir isə bilməyib? Hər şeyi çox yaxşı bilirdi”,-deyə o vurğulayıb. Millət vəkili Etibar Əliyev isə hesab edir ki, Azərbaycanda mədəniyyət sahəsi çoxdan islahatlara ehtiyac duyur. “İllərdir Əbülfəs Qarayev mədəniyyət sahəsini korrupsiya, yalnış kadr siyasəti və özünün fərasətsizliyi ilə məhv edib. Artıq sivil nazir mifi dağılıb. İndi bir çox idarələrdə gənc kadrlar irəli çəkilir. Və yalnız Əbülfəs Qarayevin nazirliyində gənc kadrları həbs edirlər",-deyə o qeyd edib. Öz növbəsində, parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü Sabir Hacıyev hesab edir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyindəki həbslər çirkli əməllərini tərgitmək istəməyən məmurlar üçün bir siqnaldır: “Qəribədir ki, baş verənlərdən heç bir ibrət götürməyən məmurlar var. Onlar bilməlidirlər ki, artıq toxunulmazlar yoxdur. İnanıram ki, dövlət idarəçiliyindəki neqativ hallara qarşı mübarizə davam etdiriləcək”. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyib ki, “Əbülfəs Qarayevin azadlıqda gəzməsi özü bütün Azərbaycan xalqına təhqirdir”. “Mən Əbülfəs Qarayevlə komsomolda işləmişəm və onu çox yaxşı tanıyıram. O heç də özünü qələmə vermək istədiyi adam deyil. Mədəniyyət Nazirliyindəki bütün cinayətlərin arxasında Əbülfəs Qarayev dayanır. Onun dövlətdən və xalqdan oğurladığı bütün pullar geri qaytarılmalıdır",-deyə partiya sədri vurğulayıb. Вернуться назад |