Главная > İqtisadiyyat > TAP vasitəsilə qaz nəqli bu il 3,8 milyard kubmetri ötüb

TAP vasitəsilə qaz nəqli bu il 3,8 milyard kubmetri ötüb


Dünən, 15:42. Разместил: azadses
Bu ilin əvvəlindən may ayının 10-dək Trans-Adriatik Boru Kəməri (TAP) ilə qaz nəqlinin həcmi 3,82 milyard kubmetri ötüb.

"Report" TAP AG boru kəməri şirkətinə istinadən xəbər verir ki, İtaliyaya qeyd olunan həcmdən 3,15 milyard kubmetr, Yunanıstana 0,35 milyard kubmetr, Bolqarıstana isə 0,29 milyard kubmetr qaz tədarük edilib.

"Kommersiya istismarının başlanğıcından bu il may ayının 10-dək TAP ilə 46,5 milyard kubmetrdən çox təbii qaz nəql edilib", - şirkətdən bildirilib.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.


Вернуться назад