Главная > İqtisadiyyat > İsveçrə Azərbaycana 110 milyon dollar investisiya yatırıb

İsveçrə Azərbaycana 110 milyon dollar investisiya yatırıb


13-12-2021, 14:38. Разместил: admin
“Azərbaycan və İsveçrə arasında münasibətlər çox yaxşıdır və müxtəlif sahələri əhatə edir”.

“Azadsəs.az” xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı səfiri xanım Müriel Peneveyre “2022-2025-ci illərdə Cənubi Qafqaz regionu üzrə yeni İsveçrə Əməkdaşlıq Proqramı”nın təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“İlk olaraq qeyd etməliyəm ki, ölkələrimiz arasında diplomatik əlaqələrimizin əsası 1992-ci ildə qoyulub və gələn il biz bu əlaqələrin 30-cu ildönümünü qeyd edəcəyik. Bununla yanaşı, Azərbaycan-İsveçrə arasında mütəmadi olaraq yüksək səviyyəli görüşlər keçirilir”, - deyə Peneveyre söyləyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın ikinci aspekti iqtisadi əməkdaşlıqdır ki, bu da ticarət və investisiyaları əhatə edir: “Ticarətə gəldikdə idxal və ixrac əlaqələrimiz də çox yüksək səviyyədədir. İsveçrə və Azərbaycan arasında Ticarət və İqtisadi Əlaqələr üzrə Komissiya mövcuddur ki, komissiyanın da növbəti görüşü 2022-ci ildə Azərbaycanda keçiriləcək”.

Səfir bildirib ki, 2019-cu ildə İsveçrənin Azərbaycanda beynəlxalq əməkdaşlığının 20 illiyi qeyd olunub: “1999-cu ildə bu əməkdaşlığa başlayanda əsas olaraq humanitar sahəyə dəstəklə başlamışıq. Daha sonralar Azərbaycan inkişaf etdikcə bu əməkdaşlıq daha uzunmüddətli əməkdaşlıq layihələrinin həyata keçirilməsinə yönəldi”.

Peneveyre vurğulayıb ki, son 22 ildə bu əməkdaşlıq çərçivəsində İsveçrənin Azərbaycana investisiya və maliyyə dəstəyi 110 milyon dollar təşkil edib və bu müddətdə 90 layihə icra olunub.

Səfir, həmçinin qeyd edib ki, İsveçrə Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağda humanitar istiqamətdə fəaliyyətinə 1,5 milyon İsveçrə frankı həcmində töhfə verib.
Вернуться назад