Главная > İqtisadiyyat > Benzin və dizelin bahalaşması hansı sahələrə təsir edəcək? - AÇIQLAMA

Benzin və dizelin bahalaşması hansı sahələrə təsir edəcək? - AÇIQLAMA


5-01-2021, 13:54. Разместил: azadses
“Benzin və dizel yanacağının qiymətinin bahalaşması kənd təsərrüfatı və ictimai sərnişindaşıma sektoruna birbaşa təsir göstərəcək”.

Bu sözləri Redaktor.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov yanvarın 4-də Tarif (qiymət) Şurasının iclasında benzin və dizelin qiymətinin bahalaşması ilə bağlı verilən qərar haqqında danışarkən deyib.  O, xüsusilə dizelin bahalaşmasının kənd təsərrüfatına ciddi təsir edəcəyini bildirib:

“Bu sahədə istifadə edilən yanacağın əhəmiyyətli hissəsi dizeldir. Bu baxımdan dizel yanacağında artımdan sonra hər iki sektor üzrə dəstək paketinin gücləndirilməsi gözlənilir. İl yeni başladığı üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. Bu baxımdan biz də təklif edirik ki, aqrar sektorda subsidiyaların məbləği hesablanan zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın. Xüsusilə də həmin yanacağın qiyməti ilə yaranan fərq nəzərə alınmaqla subsidiyalar təyin edilsin. Belə olduğu təqdirdə dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarına təsirini minimallaşdırmaq olacaq. Subsidiya məbləğinin artırılması aqrar sektorda istehsal edilən məhsulların qiymətində artımın qarşısını alacaq”.

V.Bayramovun sözlərinə görə, ictimai nəqliyyatda qiymət artımı olmayacaq:

“Tarif Şurasının qərarında da qeyd olunub ki, hökumət ictimai nəqliyyatda sahibkarlar üçün dəstək mexanizmi hazırlayır. Bu da təbii ki, dəstək mexanizmində dizel yanacağında artımdan yaranan fərqin aradan qaldırılması ilə bağlıdır. Sərnişindaşımada da xüsusi dəstəyin olacağı gözlənilir”.

Вернуться назад