Главная > İdman > Cerrard “Əl-İttifaq”ın məşq vaxtlarını “Liverpul”un oyunlarını nəzərə alaraq təyin etdiyini etiraf edib

Cerrard “Əl-İttifaq”ın məşq vaxtlarını “Liverpul”un oyunlarını nəzərə alaraq təyin etdiyini etiraf edib


Dünən, 08:53. Разместил: azadses
Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasını çalışdıran Stiven Cerrard yetirmələrinin məşq vaxtlarını keçmişdə kapitanı olduğu “Liverpul”un oyun saatlarını nəzərə alaraq təyin etdiyini etiraf edib.

“Report” xəbər verir ki, bu barədə ingiltərəli baş məşqçi “The Redmen” internet televiziya kanalının efirində söyləyib.

Mersisaydlıların yetirməsi olan və 1998-2015-ci illərdə onların heyətində çıxış etmiş Cerrard keçmiş komandasının oyunlarını izləyə bilmək üçün Səudiyyə klubunun oyunçularının məşqlərini məhz gecə saatlarına təyin etdiyini boynuna alıb.

“Liverpul”un oyun günlərində məşqlər? Onlara (“Liverpul”un oyunlarına – red.) az diqqət vermirəm. Bütün cədvəlimiz “qırmızılar”ın matçlarını nəzərə alaraq tərtib edilib. Oyunçular mənə qarşı kin bəsləyirlər: bəzən biz axşam saat 9 və ya 10-da məşq edirdik”, – o vurğulayıb.

Qeyd edək ki, Səudiyyənin yerləşdiyi saatı qurşağı Britaniyanınkını iki saat qabaqlayır. Məsələn, yerli vaxt 15:00-da başlanan İngiltərə Premyer Liqası matçları Səudiyyə vaxtı ilə 19:00 radələrində başa çatır.

Cerrard 2023-cü ilin iyulundan “Əl-İttifaq”a başçılıq edir. Cari mövsümdə 44 yaşlı mütəxəssisin çalışdırdığı komandanın nəticələri elə də ürəkaçan deyil: mümkün 21 xaldan cəmi 10 xal. Ötən mövsüm isə “Dəhnənin cəngavərləri” yarışı altıncı pillədə bitirmişdilər.

Daha əvvəl Cerrard baş məşqçi kimi Şotlandiyanın “Reyncers”i və İngiltərənin “Aston Villa”sını çalışdırıb. Qlazqo təmsilçisi ilə yerli çempionatın birincisi olan Cerrardın Birminhemdəki fəaliyyəti isə uğurlu olmayıb.

“Qırmızılar”ın əfsanəsi olan İngiltərə millisinin eks-üzvü “Liverpul” tarixinin ən yaxşı futbolçusu hesab edilir. Cerrard “Liverpul”un heyətində 710 matça çıxıb və 186 qola imza atıb.

Xatırladaq ki, apreldə “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah “Mançester Yunayted”lə səfər qarşılaşmalarında 5 qol vurmuş “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləmişdi.

Fevralda nüfuzlu “FourFourTwo” jurnalı ingiltərəlini ən yaxşı britaniyalı futbolçular siyahısına əlavə etmişdi. Eyni dərgi İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 100 futbolçusu reytinqində sözügedən idmançını yeddinci yerə layiq görmüşdü.


Вернуться назад