Главная > İdman / Manset > Elxan Məmmədov: “Erməni şərhçi ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik edib”

Elxan Məmmədov: “Erməni şərhçi ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik edib”


9-06-2021, 08:00. Разместил: azadses
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Rusiyanın “Matç TV” telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına akkreditasiya ala bilməməsinə münasibət bildirib.

Milli assosiasiya rəsmisi “Report”a açıqlamasında məsələdən xəbərdar olduğunu söyləyib.

O, erməni şərhçiyə UEFA-ya müraciət etməsini məsləhət görüb: “Sualınız üçün təşəkkür edirəm. Əlbəttə, məsələ barədə məlumatımız var. Vəziyyətə aydınlıq gətirmək üçün ilk növbədə onu qeyd etməliyəm ki, AVRO-2020 UEFA-nın bayrağı altında vahid sistem şəklində təşkil olunur. Bu, eyni zamanda, UEFA-nın akkreditasiya qeydiyyatı sisteminə də aiddir. Yəni akkreditasiya üçün müraciət etmiş hər hansı şəxslə bağlı AVRO-2020-nin oyunlarının keçiriləcəyi 11 şəhərin hər birinin Təşkilat Komitəsi tərəfindən təsdiq cavabı gəldikdən sonra qeydiyyat təsdiqlənir və müraciət edən şəxs akkreditasiyadan keçmiş hesab olunur. Konkret bu situasiyada adı qeyd olunan media nümayəndəsi hər hansı problemə üzləşibsə, ona tövsiyə edərdik ki, bununla əlaqədar UEFA-ya müraciət etsin”.

Məmmədov Arustamyanın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdiyini vurğulayıb: “Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oyunlar müvafiq olaraq iyunun 12-də, iyunun 16-da, iyunun 20-də və iyulun 3-də gerçəkləşəcək.


Вернуться назад