Главная > Dünya > Britaniyalıların yalnız üçdə biri müdafiə xərclərinin artırılmasını dəstəkləyir – SORĞU

Britaniyalıların yalnız üçdə biri müdafiə xərclərinin artırılmasını dəstəkləyir – SORĞU


Bu gün, 10:30. Разместил: azadses
Britaniyalıların təxminən üçdə biri krallığın müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını dəstəkləməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə “The Times” qəzeti “Focaldata” şirkəti tərəfindən 30 aprel – 2 may tarixlərində keçirilmiş sorğunun nəticələrinə istinad edərək məlumat yayıb.

2 330 respondent arasında yalnız 35 %-i müdafiə xərclərinin artırılmasının zəruri olduğunu bildiriblər. 30 %-i hesab edir ki, bu xərclər krallığın ÜDM-nin 2,3 %-i səviyyəsində qalmalıdır. Sorğu iştirakçılarının 21 %-i digər ehtiyaclar üçün vəsait ayırmaq naminə hərbi xərclərin azaldılmasının tərəfdarıdır. Xərclərin ÜDM-in 3,5 %-nə çatdırılmasına qarşı artıq sorğuda iştirak edənlərin 45 %-i çıxış edib. 36 %-inin zənnincə, krallığın müdafiə xərcləri bu səviyyəyə çatmalıdır. Xərclərin artırılmasının tərəfdarları arasında yaşlı və siyasi cəhətdən fəal kişilərin payı yüksək olub.

“Britaniya ictimaiyyətinin müdafiə xərclərinin artırılmasına münasibəti belə bir addımın zəruriliyinə inamdan daha çox ehtiyatlı və birmənalı olmayan yanaşma ilə xarakterizə olunur. Hökumətin ÜDM-in 3 %-i göstəricisinə çıxmaq istəyi dünyadakı mövcud vəziyyətə ağlabatan reaksiya olsa da, verilənlərimiz göstərir ki, bu gün seçicilərin yalnız 35 %-i müdafiə xərclərinin artırılmasını qətiyyətlə dəstəkləyir. Nədən imtina etmək lazım gələcəyi və bunun dövlət xərclərinin digər maddələrinə necə təsir edəcəyi barədə söhbət gedəndə dəstək səviyyəsi sürətlə zəifləyir”, – “Focaldata”nın nümayəndəsi Ceyms Kanaqusuriam nəşrə bildirib.

Onun sözlərinə görə, leyboristlər hökuməti seçiciləri müdafiə xərclərinin artırılmasının adi britaniyalılar üçün faydalı olacağına, yeni iş yerləri yaradacağına və iqtisadiyyatı stimullaşdıracağına inandırmaq kimi çətin bir vəzifə ilə üzləşib. Həm solçu Yaşıllar Partiyası, həm də sağçı populist “Reform UK” hökumətin planlarına şübhə ilə yanaşır və seçicilər uğrunda mübarizədə cəmiyyətdəki ziddiyyətlərdən istifadə etməyə hazırdır.

“Müdafiə artıq birləşdirici mövzu olmaqdan çıxıb. İndi o, Britaniya siyasətində dərin parçalanmanın səbəbi ola bilər”, – Kanaqusuriam əlavə edib.


Вернуться назад