Главная > Cəmiyyət > Azərbaycandakı palçıq vulkanlarında qeyri-adi minerallar aşkarlandı
Azərbaycandakı palçıq vulkanlarında qeyri-adi minerallar aşkarlandı12-01-2020, 12:16. Разместил: azadses |
Tədqiqatlar Ukrayna Milli Elmlər Akademiyası ilə birgə həyata keçirilib Azərbaycan və Ukrayna alimlərinin birgə apardıqları tədqiqat nəticəsində ölkəmizdəki palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi mineralların və mineralların nadir növlərinin olduğu müəyyən edilib. İstiPress-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan bildirilib ki, bununla bağlı "Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasının aksessor minerallaşması" layihəsi çərçivəsində araşdırmalar aparılıb. Tədqiqatlar Ukrayna Milli Elmlər Akademiyasının Dəniz geologiyası, geoekologiyası və çökmə filizəmələgəlməsi problemləri Mərkəzinin mütəxəssisləri ilə birgə həyata keçirilib. Tədqiqatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi mineraloji tərkib – təbii əmələ gəlmiş mineralların, qeyri-səciyyəvi sulfatların, oksidlərin, təbii dəmir (vüstit, hematit) minerallarının, eləcə də nadir növlərinin varlığı müəyyən edilib ki, bu da həmin mineralların dərin flüidlərin təsiri nəticəsində əmələ gəlməsini hesab etməyə imkan verir. Qeyd edək ki, sopka brekçiyası vulkandan çıxan püskürmə məhsullarıdır. O, əsasən ətraf süxurlara yad olan sərt süxur qırıntıları ilə gilli kütlə qarışığından ibarət olur. Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 353-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Azərbaycanda ilk vulkan püskürməsi 1810-cu ildə Xəzərdə qeydə alınıb. Ötən 200 il ərzində Azərbaycanda (həm quru sahədə, həm də Xəzərin Azərbaycan sektorunda) 93 vulkanda 418 püskürmə olub. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Вернуться назад |