Главная > Cəmiyyət > Azad olunmuş torpaqlarımızda ilk “ağıllı kənd”in inşasının birinci mərhələsi başa çatıb
Azad olunmuş torpaqlarımızda ilk “ağıllı kənd”in inşasının birinci mərhələsi başa çatıb16-09-2022, 11:48. Разместил: admin |
“Azad olunmuş torpaqlarımızda ilk “ağıllı kənd”in inşasının birinci mərhələsi başa çatıb. Zəngilan rayonunun Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulub, burada “Smart village” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb”. Oxu.Az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, artıq kənd sakinlərinin 30 illik işğal dövründən sonra öz yurdlarına qayıtması təmin edilib və bu gün onlar Qarabağ bölgəsində quruculuq işlərinin fəal iştirakçılarına çevriliblər: “Ağıllı kənd”ə qayıtmış sakinlər arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür. Kənddə salınmış intensiv meyvə bağları, heyvandarlıq kompleksi, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri Ağalı sakinlərinin davamlı gəlir əldə etmələri və işlə təmin olunmalarına hesablanıb. “Ağıllı kənd” layihəsi çərçivəsində aqrar emal müəssisələrinin inşası burada istehsal olunan məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yaradacaq. “Ağıllı kənd” təkcə azad edilmiş ərazilərimizə insanlarımızın Böyük Qayıdışının ilk məntəqəsi deyil. Bu kənd həm də quruculuq işlərində dost dövlətlərlə birgə əməkdaşlığın ilk təməl nöqtəsidir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş torpaqlarda salınmış ilk intensiv bağ - Azərbaycan-Türkiyə Qardaşlıq Bağı “Ağıllı kənd”də salınıb, xarici və yerli sərmayənin cəlb olunduğu ilk aqroparkın əsası bu ərazidə qoyulub”. “Aqroparklar azad olunmuş ərazilərdə aqrar sektora xarici sərmayə qoyuluşunun ən uyğun modellərindən biridir. Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi buna nümunə ola bilər. Azərbaycan və Türkiyədən olan sərmayədarların birgə investisiya qoyuluşu nəticəsində gözəl bir aqropark yaradılır. Bu aqroparkın otlaq sahələrində dörd min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Görülən işlər bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Analoji əməkdaşlıq modellərinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə də həyata keçirilməsi mümkündür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində aqrar sahədə xarici sərmayədarlarla heyvandarlıq, toxumçuluq, tingçilik, intensiv bağçılıq və digər sahələrdə əməkdaşlıq etmək imkanları mövcuddur. Əlverişli investisiya mühiti, mövcud potensial və yaradılan logistik imkanlar bölgənin sərmayə cəlbediciliyini artırır”, - deyə nazir əlavə edib. Вернуться назад |