Главная > Cəmiyyət > Naxçıvanda ilk dəfə olaraq süni mayalanma yolu ilə uşaq dünyaya gəlib - FOTO
Naxçıvanda ilk dəfə olaraq süni mayalanma yolu ilə uşaq dünyaya gəlib - FOTO16-05-2020, 20:25. Разместил: azadses |
Naxçıvanda ilk dəfə olaraq süni mayalanma yolu ilə uşaq dünyaya gəlib. Körpə mayın 15-i Beynəlxalq Ailə Günündə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində dünyaya gəlib. AZƏRTAC xəbər verir ki, doqquz illik övlad həsrətindən sonra dünyaya gələn körpə Culfa rayonunun sakinləri Quliyevlər ailəsindəndir. Valideynlər bildirir ki, neçə illərdir Türkiyə və İranda müalicə alıblar, lakin heç bir ümidverici hal baş verməyib. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanovanın verdiyi məlumata görə, doqquz ildir sonsuzluqdan əziyyət çəkən ailə Mərkəzə müraciət edərək hərtərəfli müayinə və laborator analizlərdən keçib, 2019-cu il sentyabrın 15-də Mərkəzi Klinikanın həkim heyəti ilə birlikdə cütlüyə süni mayalanma tətbiq edilib: "Hamiləlik baş tutduqdan sonra qadının hamiləlik dövrü mərkəzimiz tərəfindən ciddi şəkildə izlənilib və uğurlu nəticə əldə olunub. Bu süni mayalanma Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin və Mərkəzi Klinikanın həkim-ginekoloqu Mahirə İsmayılovanın iştirakı ilə həyata keçirilib. Doğulan uşağın çəkisi 3 kiloqram 400 qramdır, cinsi oğlandır, bütün instrumental və laborator müayinələrdən keçirilən körpə tam yetkin və sağlamdır". Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi çox zəngin maddi-texniki bazaya malikdir, ən müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. Mərkəz dünyanın ən qabaqcıl klinikaları səviyyəsində qurulub. Burada endoskopik və açıq əməliyyatların aparılması üçün şərait mövcuddur. Mərkəzdə ekstrakorporal mayalanma şöbəsi və embrioloji laboratoriya da var. Вернуться назад |