Главная > Cəmiyyət > Azərbaycanın tanınmış alimi vəfat edib
Azərbaycanın tanınmış alimi vəfat edib9-05-2020, 12:12. Разместил: azadses |
Tanınmış bioloq alim, Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Telman Ağayev vəfat edib. Azad Səs-in məlumatına görə, T.Ağayev mayın 9-da 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Telman Məmmədəli oğlu Ağayev 1935-ci il oktyabr ayının 10-da Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonunun Vaqudi kəndində anadan olub. 1989-cu ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. O, 1993-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1995-2013-cü illərdə institutun direktoru vəzifəsində çalışıb. T.Ağayev təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssis idi. O, filo- və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mərkəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və ardıcıl davamçısı kimi tanınırdı. Alimin elmi işlərinin əsas istiqamətini biokimyəvi tədqiqatlar, o cümlədən heyvanlarda görmə, eşitmə və digər sensor funksiyaların formalaşmasında beynin qlutamin turşusu və biogen aminləri tənzimedici sisteminin rolu, bu proseslərin neyrokimyəvi əsaslarının fundamental tədqiqi təşkil edirdi. O, tədqiqatlarına əsaslanaraq təkamül və yaş fiziologiyası, biokimyasının bəzi mühüm elmi müddəalarını, funksional neyrokimyanın perspektiv istiqamətlərini irəli sürərək, filo- və ontogenezdə analizator sistemlərinin normal inkişafı və funksiyalarının pozulduğu şəraitdə beyin strukturlarında metabolik dəyişikliklərin kompleks tədqiqini aparıb. Azərbaycan Biokimya Cəmiyyətinin sədri, Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü, Fizioloqlar Cəmiyyətinin prezidenti idi. AMEA-nın “Xəbərləri” (biologiya və tibb elmləri seriyası), “Ekoenergetika” və Gürcüstan EA “Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvü idi. YUNESKO-nun etika, bioetika və texnologiya üzrə milli komitəsinin və Beyin tədqiqatçıları üzrə Beynəlxalq Təşkilatın üzvü idi. 2013-cü ildə Avropa Elmi-Sənaye Palatası tərəfindən peşəkar fəaliyyətinə görə diplom və qızıl medalla təltif edilib. Allah rəhmət eləsin! Вернуться назад |