Главная > Cəmiyyət > Azərbaycanda koronavirusa qarşı vaksinasiya dövlət hesabına və könüllülük əsasında aparılacaq - RƏSMİ
Azərbaycanda koronavirusa qarşı vaksinasiya dövlət hesabına və könüllülük əsasında aparılacaq - RƏSMİ5-01-2021, 10:43. Разместил: azadses |
“Vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir. Ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunurlar. Bu əhali qruplarına ilk növbədə tibb xidməti işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir: “Hazırda bir sıra ölkələrdə yeni koronovirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Bu ölkələr ABŞ, Avropa Birliyi ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98%) qiymətləndirilib. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcək. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcək”. Baş infeksionist qeyd edib ki, vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur: “Kütləviliyinin təmin olunması üçün əhali arasında peyvəndləmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur. Xüsusən vaksinasiyadan imtina edən şəxslərin yoluxaraq xəstələnmə riskinin hər zaman qalması izah edilməlidir. Vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa epidemik proses sönəcək. Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib. Pandemiya dövrü biz hava-damcı infeksiyalarından qorunma və gigiyena qaydaları barədə bir çox məlumatlar əldə etdik, müəyyən təcrübə qazandıq. Bu qaydalara gələcəkdə də, xüsusən respirator virus infeksiyalarının mövsümi artımı müşahidə edilən payız-qış fəsillərində əhali tərəfindən əməl olunması arzuolunandır və yoluxma hallarının azalması kimi müsbət təsirlərə səbəb olacağı düşünülür. Bildiyimiz kimi geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır. Yeni koronovirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması zəruriliyi müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunur və bu məsələnin həllinin zamana ehtiyacı var”. Вернуться назад |