Главная > Cəmiyyət > Toy mərasimi keçirilən restoran hansı məmura məxsus olub? - AÇIQLANDI

Toy mərasimi keçirilən restoran hansı məmura məxsus olub? - AÇIQLANDI


12-12-2020, 16:45. Разместил: azadses
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin taleyini yaşaya bilər.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, blogger Ata Abdullayev Abşeron rayonu ərazisində fəaliyyət göstərən Şamlıq restoranında çəkiliş aparıb. Videodan görünür ki, restoranda toy mərasimi təşkil olunub.
 
Ata Abdullayev çəkiliş apararkən bir neçə dəfə restoranın Qorxmaz Hüseynova məxsus olduğunu bildirib.
 
Videonun sosial şəbəkələrdə və internet mediada tirajlanmasına baxmayaraq hələ ki, “Azərsu” ASC-dən heç bir reaksiya verilməyib.
 
Fakt təsdiqini tapacağı təqdirdə Qorxmaz Hüseynovun karyerasına son qoyula bilər. Amma bəzi məlumatlara görə, restoranın “Azərsu” rəhbərinə aidiyyəti yoxdur. Bu iddialar o qədər də inandırıcı görünmür. Hər halda toy mərasimi başlamamış bundan xəbər tutan və dərhal ora gələrək çəkiliş aparmaqla yanaşı Abşeron Rayon Polis Şöbəsinə məlumat verən Ata Abdullayev kifayət qədər hazırlıqlı görünür. Aydın şəkildə sezilir ki, o, həm restoran, həm də toy mərasimini təşkil edənlər barədə detallı şəkildə məlumatlandırılıb.
 
“Azərsu”nun da susması məsələnin bu və ya digər formada Qorxmaz Hüseynova aidiyyatı olmasına şübhələri artırır.
 
Karantin müddətində belə bir addım atmağın cəzası ağır ola bilər. Ortada Ramiz Mehdiyev nümunəsi var. AMEA prezidenti siyasi postunu elmi təsisata dəyişsə də, hələ də kifayət qədər güclü fiqur hesab edilir. Amma buna baxmayaraq, karantin müddətində kürəkəni, keçmiş deputat İlham Əliyev qızına toy etdiyi üçün inzibati qaydada həbs olundu. Onunla birgə qudası Rövşən Mustafayev də inzibati təcridxananı “ziyarət” etməli oldu. Ramiz Mehdiyev isə prosesə nəinki mane ola bilmədi, hətta özünə qarşı ittihamları belə, neytrallaşdıra bilmədi. Təxminən 1 ay media bu məsələdən yazdı, deputatlar, ayrı-ayrı ictimai-siyasi  fiqurlar bu barədə danışdı. Əsas hədəfdə isə təbii ki, Ramiz Mehdiyevin özü idi.
 
Qorxmaz Hüseynov Ramiz Mehdiyev qədər çəkili fiqur hesab edilmir. Bu baxımdan, restoranın “Azərsu” sədrinə məxsus olması barədə iddialar doğrudursa, onun Ramiz Mehdiyevdən də pis vəziyyətə düşəcəyi şübhəsizdir. 

Вернуться назад